ABŞ-ın təklif elədiyi Deyton variantı daha pis idi - Abutalib Səmədov

15:10 11.03.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Terrorçular, diversantlarla bağlı Azərbaycan qəti mövqe tutmalıdır

44 günlük Vətən Müharibəsindən sonra regionun geosiyasi mənzərəsində baş verən dəyişiklik gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra regiona sahiblənmək istəyən güclərin hərisliyi daha təhlükəli mərhələyə keçib. Avropa, Qərbin ermənipərəst mövqeyi ilə qaldırdığı “hərbi əsir” səs-küyü, Qarabağdan çıxmayacağını iddia edən Rusiya siyasətçilərinin hədəfləri fərqli olsa da, maraqları birdir. Belə bir şəraitdə Türkiyənin regionda əsas oyunçulardan birinə çevrilməsi də emosiyaları qızışdıran amillərdən hesab olunur. Bu və digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalib Səmədov maraqlı məqamlara diqqət çəkib.

 - Abutalib müəllim, Vətən müharibəsindən sonra Ermənistandan yenidən silahlanma,  müharibəyə hazırlıq bəyanatları səslənir. Paralel olaraq Qarabağda qalan sülhməramlıların erməni mövqeyindən çıxış edən davranışları bu ehtimalı nə dərəcədə gerçək edir?

- Çox arzu edərdik ki, hərbi əməliyyatlardan sonra Qarabağdakı bütün məsələlər birdəfəlik həll olunsun, xalqda heç bir nigarançılıq qalmasın. Hərbi əməliyyatlar başlayan kimi həm ABŞ, həm Fransa kimi Avropa dövlətləri açıq şəkildə ermənipərəst mövqe tutdular.  Rusiya müəyyən qədər nisbi neytrallıq göstərdi.   Rusiya da BMT-də  həmin dövlətlərlə birlikdə Azərbaycana qarşı 3 qətnamə qəbul etməyə çalışdılar. Bir neytral qətnamə qəbul olunsa da, ikisinin qarşısını ala bildik. Yəni biz həm müharibədə çox ağır döyüşlər aparmalı olduq, həm də diplomatiya sahəsində. Prezident  bu sahədə çox böyük işlər gördü və müharibə zamanı 30-a yaxın xarici kütləvi informsiya  vasitələrinə müsahibələr verdi. Biz Qarabağ məsələsini tam olaraq həll edə bilmədik. Könül istərdi ki, birdəfəlik bitsin. Təsəvvür edin ki, torpaqlarımız işğal olunub və bizə təklif olunur ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyın. Madrid prinsipləri də buna xidmət edirdi.  Biz haradan, hara gəldiyimizi yaddan çıxarmamalıyıq.  Kim istəməz ki, bu problem  qurtarsın, ancaq təəssüf ki, Azərbaycan dünyanın ilk beşliyinə düşən ölkə deyil.  Bizim güvəndiyimiz Türkiyə də dünyanın 17-18-ci dövlətidir.  Biz üçtərəfli bəyanat imzaladıq ki, orada bizim üçün çox əlverişli  maddələr var.  Ərazi bütövlüyümüzü təmin eləsək də, tam suverenliyimiz təmin olunmadı. Bu da bizi qıcıqlandırır. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə razılıq verdik. ABŞ-ın bizə təklif elədiyi Deyton variantı daha pis idi. Prezident Rusiya sülhməramlılarının fəaliyyətinə haradasa 3 dəfə müsbət qiymət verməklə yanaşı, kəskin iradlarını bildirib.  Hesab edirəm ki, bu mövqe çox düzgündür və elə eləməliyik ki, bu proseslərdə sona qədər qalib çıxaq.  Bu gün ermənilərlə ruslar arasında kəskin ziddiyyətlər ortaya şıxıb. Ermənilər “Rusiya bizi satdı”, – deyirlər.  Həm Rusiya-Türkiyə yaxınlaşması, həm də  Rusiyanın bizə daha çox meyllənməsi müşahidə olunur. Belə məqamlardan istifadə eləməliyik.  Baxın, Fransanın tutduğu mövqe açıq ermənipərəstdir. ABŞ-ın mövqeyi hələlik o qədər də aydın deyil. Mən bir vaxtlar Kosova təhlükəsindən danışanda deyirdilər ki,  Kosova ayrı, biz ayrı. İndi Kosova qalıb kənarda, bizə deyirlər ki, Bosnya-Hersoqovina modelini götürün.  Bu 1998-ci ildə bizə təklif olunan ümumdövlət prinsipinin dağıdılması modelidir. Separatizm ocaqları o vaxt təhlükəlidir ki, onların arxasında  iri dövlətlər durur.  Məsələn, Osetiyada, Abxaziyada separatizmin arxasında Rusiya, qarşısında isə ABŞ və Qərb durdu.  Kosovada separatizmin arxasında Amerika, Qərb durdu, qarşısında isə Rusiya dayandı. Qabarağda isə bunların hamısı erməni separatizminin arxasında durub.  Bu gün reallıqları nəzərə alaraq Rusiya müəyyən mənada kənara çəkilib. ABŞ-dan gələn Deyton sazişi ilə bağlı təklif  və yaxud Fransanın mövqeyi göstərir ki, bu güclər Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək statusa nail olmağa çalışırlar.

Rusiya sülhməramlıları 5 ildən artıq Azərbaycanda qalmamalıdırlar

- Azərbaycan əraziləri hərbi yolla işğaldan azad olunandan sonra üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlılarından müəyyən gözləntilər var idi. Sizcə, Rusiya sülhməramıları öz missiyasını nə dərəcədə düzgün yerinə yetirir?

- Prezident bu məsələyə xüsusi münasibət bildirdi.  Dedi ki, xırda insidentlər var,  amma bəyannamədə göstərilən şərtlər yerinə yetirilir.  Bu prosesdə ən çox qəbul eləmədiyimiz məsələ 9-cu bəndin yerinə yetirilməməsidir.  Yəni erməni silahlı qüvvələri tamamilə ərazidən çıxarılmalıdır. Rusiya sülhməramlıları bu məsələni həll eləmiyiblər.  Bilirsiniz ki, Ağdamda qurulan monitorinq mərkəzində bizim 60 nəfər türk qardaşımız var.  Bəyanatın maddələrinin yerinə yetirilməsinə nəzarət Monitorinq Mərkəzinin üzərindədir. Türk qardaşlarımız orda qəti mövqe tutub, erməni silahlılarının çıxardılması məsələsini qoymalıdırlar.  Biz də bunu tələb eləməliyik, Qarabağda bir dənə də silahlı erməni qalmamalıdır.  Belə məlumatlar yayılır ki, bu gün Ermənistandan  Qarabağa bəzi terrorçu qruplar gətirilir.  İnanmıram ki, rus sülhməramlıları buna yol verməklə o qədər ağılsız hərəkət eləsinlər.  Belə davranış sülhməramlıların oradakı varlığını sual altına qoyur.  Belə hallar bizə o əsası verir deyək ki, sizə ehtiyacımız yoxdur, ərazini tərk edin.  Əsas  məsələ odur ki, Qərbin mövqeyini tam biləndən sonra  Rusiya  sülhməramlılarının çıxarılması məsələsini qoya bilərik, amma hələ qəti mövqe yoxdur, hələ ABŞ rəhbərliyi səviyyəsində verilən bəyanatlar yoxdur.

- Avropa parlamentariləri, Qərb siyasətçiləri 60-dan çox diversantı hərbi əsir kimi təqdim edərək geri qaytarılması tələbi ilə çıxış edirlər. Bu nəyin göstəricisidir?

- Siz təsəvvür edin ki, hərbi əməliyyatlar bitib, erməni diversiya qrupu mühasirəyə alınaraq tutulub və buna hərbi əsir deyirlər.  Bunların ədaləti, bizə münasibəti  budur, ümumiyyətlə, beynəlxalq münasibətə yanaşma budur. Özlərinin maraqlarına nə xidmət edirsə, onu da qabardırlar. Terrorçular, diversantlarla bağlı Azərbaycan qəti mövqe tutmalıdır. Biz yenə də güzəşt edib, əvvəlki kimi əsirləri təhvil versək, bunlar yenə də üstümüzə növbəti dəstələr göndərərlər. Erməni həyasızlığını biz bilirik.  Qərbin tutduğu bu mövqe bizim üçün yeni deyil. Onlarda, ümumiyyətlə ədalət deyilən şey yoxdur.

- Abutalib müəllim, fikirlər var ki, ATƏT-in Minsk qrupu dövlətlərindən Azərbaycana qarşı baş verən təsir və təzyiqlər Türkiyə-Azərbaycan Alyansnın qurulmasına qarşı yönəlib. Bu barədə nə düşünürsünüz?

- Üçtərəfli bəyanat imzalanandan sonra, oradakı bəndlərin heç birinə münasibət bildirilmədi. ABŞ da, Fransa da rəsmi bəyanat yayaraq qəti şəkildə bildirdilər ki, Türkiyənin  bu məsələdə iştirakı onları narazı salır. Türkiyəni qəbul eləmirlər. Təbiidir ki, Türkiyənin regiona girməsi, bu qədər çəkiyə malik olması, Azərbaycan-Türkiyə əlaqələrinin bir az da möhkəmlənməsi,  eləcə də Türkiyə-Rusiya yaxınlaşması da onları çox narahat edir.  Qərbin marağı odur ki, Azərbaycanda güclü, sabit ölkənin yaranmasına imkan verməsin. Regionda mümkün qədər münaqişə ocağı qalsın ki,  hər dəfə Azərbaycana təsir eləmək imkanları olsun. Ona görə də əvvəl istəyirdilər ki, Dağlıq Qarabağın müstəqilliyi təmin olunsun.  Deyirdilər ki, referendum keçirilsin və orada yaşayan ermənilər öz iradələrini təyin elsinlər. İndi də bəhanələr axtarırlar.  Azərbaycanın ərazi bütövlüyünə qarşı gələ bilməyəcəklərini anlayırlar.  Prezident də müsahibələrində dedi ki, reallıqlarla hesablaşın. Ona görə Deyton modelini  işə salırlar ki, bəlkə  bizə təklif  etdikləri variantı qaytara bilsinlər.  Dediyim odur ki, bu cəhdlər dayanmayıb. Bu prosesdə Azərbaycan Prezidenti qəti mövqeyini bildirib. Onun bu mövqeyi göstərir ki, məsələlər bizim düşündüyümüz qədər də çətin deyil. Prezident bu sahədə ən məlumatlı insandır.  Dəfələrlə bəyan edib ki, status yoxdur, olmayacaq. ABŞ, Fransa bu status məsələsindən danışıb, Rusiya bu məsələnin bir neçə ildən sonra müzakirə olunmasını mümkün saysa da, cənab Prezident deyibsə ki, status yoxdur, demək,  statusdan söz gedə bilməz və tədricən Azərbaycanın suverenliyinə addım-addım nail olunacaq. Ən əsası da  Rusiya sülhməramlıları 5 ildən artıq Azərbaycanda qalmamalıdırlar. Əgər mümkün olsa, bu prosesdə Qərbin dəstəyinə çox böyük ehtiyac var.

- Ermənilərin Qarabağa köçürülməsində iştirak edən Rusiya Azərbaycan əhalisinin öz yurduna köçürülməsi barədə düşünmür. Üstəlik, ermənilərin Azərbaycanda yerləşməsi üçün bütün dəstəyini verir. Bu proses Azərbaycan üçün nə qədər təhlükəlidir?

- Bu gün dünya miqyasında Azərbaycanın  mövqeyi dəyişib.  Azərbaycan kifayət qədər möhkəmdir, onun çox dəyərli müttəfiqləri var. Azərbaycanın Prezidenti dünyanın çox böyük təşkilatlarının tədbirlərinə sədrlik edir.  Rusların tez-tələsik 50 min ermənini Qarabağa köçürməsi təbiidir ki,  bizi narahat elədi. Azərbaycan güclü dövlət olduğuna görə  bunun bizim üçün müsbət tərəfləri də var. Ermənilərin imkanı olsaydı bu köçürülməni bir müddət ləngidib, səs-küy yaratmaqdan ötrü istifadə edərdilər. Bütün dünyanı Azərbaycana qarşı qaldırardılar ki, onlara qarşı etnik təmizləmə olub. Gəlib oturublar orada, başqa bəhanələri yoxdur. Biz də deyirik ki, ağlınızı başınıza yığın, yaşayın ki, sizin üçün də bir şərait yaradaq.  Təbiidir ki,  biz eyni zamanda narahatıq.

- Qarabağa köçürülən ermənilərə Ermənistan pasportu verildiyinə dair məlumatlar var. Bu barədə nə deyərdiniz?

- Bu aqoniya vəziyyətində  olan  Ermənistanın təxribatçı addımlarıdır. Gah rus dilini dövlət dili elan edirlər, gah separatçı rejimin 33-cü ilini qeyd edirlər. Bunların heç bir mənası yoxdur, oradakı ermənilər gücünü tirmiş adamlardır. Nəinki Qarabağdakı ermənilər, Ermənistanın özü də gücünü itirmiş vəziyyətdədir. Ermənistan elə rəzil vəziyyətə düşüb ki, ondan çıxmaq şansı yoxdur. Heç kəs Ermənistanın problemini həll eləmək üçün özünə əziyyət vermək istəmir.  Müəyyən qədər dəstək verirlər, ancaq o buna kifayət eləmir. Məqsədləri Azərbaycan cəmiyyətini narahat eləməkdir. Bunlar haqqında tədbirlər görülməlidir, vaxtında qarşısı alınmalıdır.

Ərazilər tam təhlükəsiz olana qədər bizim həmvətənlərimiz ora qayıtmamalıdır

 

– Minalanmış ərazilərimizin xəritələri niyə verilmir və nəyə görə Azərbaycana qarşı qətnamələr çıxarmağı sevən güclər buna bir reaksiya vermir. Niyə sülhməramlılar bunu tələb etmir?

- Erməni xisləti, mənəviyyatsızlığı budur.  Nə ləyaqətlə  müharibə etməyi bacarır,  nə də ləyaqətlə sülh şəraitində yaşaya bilir.  Xəritələr verilməlidir və çox güman ki, bunu ruslar da tələb edirlər.  Yəqin ki, bəhanə edirlər ki, yoxdur. Azərbaycanlıların niyə öz evlərinə qaytarılmaması məsələsi tez-tez deyilir. Ermənilər qeyri-insanı şəraitdə yaşamağa adət ediblər.  Xalqımız bu 28-30 ildə çəkdiyini çəkib. O yerlər tam təhlükəsiz olana qədər bizim həmvətənlərimiz ora qayıtmamalıdır. Respublika üzrə ən yaxşı həyat şəraiti azad olunmuş  ərazilərdə olmalıdır.  Bu o regiondan olan insanlarımızın vətəndaşlarımızın haqqıdır.  İş yerləri açılmalı, əmək haqqı, şərait yaxşı olmalıdır. Elə edilməlidir ki, respublikanın başqa regionlarından da ora axın olsun.  Reallıq budur ki, minalanmış ərazilərin xəritələri verilmir, insanlar isə qayıtmalıdır. Bilirik ki, hazırda minaların təmizlənməsinə müəyyən xarici dövlətlərin şirkətləri cəlb olunub. Bu, uzunsürən prosesdir.  Prezident də dedi ki, ilk qrup əhalini ilin sonuna qədər köçürə bilərik. İnşAllah, bu proseslər başlayandan sonra hamı yavaş-yavaş öz evinə qayıdacaq.

- Qarabağda baş verən bu hadisələrdən stimul alaraq ölkə daxilində təxribatlar yaratmağa çalışanlar varmı və sifarişləri haradan alırlar?

- Çox təəssüf ki, bir qrup insan sifarişlə hərəkət edib ölkədə narazılıq yaratmağa çalışdı. Siz müharibələr ərəfəsində Milli Şuranın çıxışlarına diqqət yetirin. Milli Şura Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə etiraz elədi.  Bəyanatlar verdilər ki, danışıqlar Avropa Birliyi çərçivəsinə keçirilməlidir.  İstəyirlər ki, ATƏT-in Minsk qrupu 30 il başımızı necə qatdısa, bir 30 il də Avropa başımızı qatsın.  Ən təhlükəlisi də o idi ki, bəyanat verərək müharibənin əleyhinə olduqlarını dedilər. Bilirik ki, hərbi əməliyyat olmadan biz vəziyyəti qətiyyən dəyişdirə bilməzdik.  Heç bir şansımız da yox idi. Yəni bu üç bəyanat cəmiyyətin diqqətindən kənarda qaldı. Bu üç məsələ, xüsusillə Milli Şura Azərbaycanda ən xırda bəhanələrdən istifadə eləyib sabitliyi pozmağa çalışdı. Mən bunu konkret olaraq onların bəyanatlarına əsasən deyirəm.

Bir də ikinci qrup insanlar da var - populistlər.  Açıq söyləyək, adi insanın bu məsələləri araşdırıb öyrənməyə imkanları yoxdur.  Yəni hadisələri təhlil eləsin, başqa ölkələrin başına gələnləri görsün müqayisə eləsin və sair. Bu məqamdan istifadə edənlər çalışırlar ki, həmin insanlar da onların dediyini təkrar etsinlər.  Bir məqam da var: partiyalar qəti mövqe ortaya qoymaqdan çəkinirlər. Mən  bəyanat verdim ki, indiki zamanda sülhməramlıların gəlməsi daha məqbuldur, məni 5-ci kolon elan etdilər. Halbuki  bütün fəaliyyətim Rusiya əleyhinə olub. Partiyalar, siyasilər məsuliyyətli olmalıdır, dövlətin yükü həm də onların çiynindədir.